Ağabəyovlar (film, 2012-2014)
Ağabəyovlar — bədii serial rejissor Vahid Mustafayev tərəfindən 2012–2014-cü illərdə ekranlaşdırılmışdır. Film Bakıfilm kinostudiyasında istehsal edilmişdir. Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. Filmdə əsas rolları Telman Əliyev, Mina Sovetski, Rövşən Məmmədli, Ruslan Mürsəlov, Yasəmən Malik, Azər Aydəmir, Umnisə Hacıyeva, Aydın Əliyev, Oleq Əmirbəyov və Yeganə Hüseynli ifa edirlər.
== Məzmun ==
Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. İldırımın (Telman Əliyev) həyat yoldaşı Gövhər bir neçə ilə bundan əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Birinci nikahından olan böyük oğlu Kamran (Azər Aydəmir) vəkildir, qızı Gülarə (Nigar Bahadırqızı) bizneslə məşğul olur, kiçik qızı Ləman (Mina Sovetski) bir vaxtlar şoubiznesdə özünü sınayıb, sonra atasının təkidi ilə müğənnilikdən uzaqlaşıb. Evin sonbeşiyi Pərviz (Oleq Əmirbəyov) isə universitetdə oxuyur.Dramın digər məşhur ailələrindən biri zadəgan əsilli Atakişiyevlərdir. Ailənin başçısı İlyas (Aydın Əliyev) İldırımın köhnə qonşusu və düşmənidir, lakin buna baxmayaraq, İlyasın övladları Samir (Eşqin Quliyev; Niyaz İlyasoğlu) və Samirə (Umnisə Hacıyeva) İldırımın uşaqlarına qarşı kin bəsləmir, əksinə Pərvizlə Samirənin arasında hələ məktəb illərindən bir sevgi dolaşmaqdadır. İlyasın həyat yoldaşı Dilbər (Yasəmən Malik), ərindən münaqişə zəminində ayrılıb, tez-tez Avropaya səyahət edir.Dramın üçüncü ailəsi Əhmədovlardır.