Abies balsamea
Ətirli ağ şam (lat. Abies balsamea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
Şimali Amerikanın iynəyarpaqlı meşələrində, Kanada və ABŞ-da tundra zonasına qədər bitir, daşlıqlarda isə meşənin yuxarı sərhədlərinə qədər (1500-2500 m) yayılmışdır. Uzunömürlüdür, 150-200 ilə qədər yaşayır. Hündürlüyü 15-25 m, gövdəsinin diametri 50 (70) sm, düz, konusvarı, sıx, çətiri aşağı əyilmiş ağacdır. Cavan ağacların qabığı boz, hamar, çox miqdarda ətirli, qabarıq, sonradan qırmızı-qonur, xırda yarıqlıdır. Cavan zoğları əvvəlcə yaşıl, qısa, düz dayanan tükcüklərlə örtülmüşdür, sonradan qırmızı-qonur olur, çılpaqdır. Tumurcuqları şarşəkilli və ya yumurtavarı, qatranlı, yaşılımtıl, açıq-bənövşəyi çalarlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 2 mm, üstü tünd-yaşıl, parlaq, ucu kütdür, budaqların üzərində 4-7 il qalır, sürtüldükdə ətirli qoxu verir. Zoğda iynəyarpaqları iki cərgədə yerləşir.