BAMF
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) – 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilat.
BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir.
Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Jurnalistlər Konfederasiyasının üzvüdür. BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyəti sədrinin müavinidir.
Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.
Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.
ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə özəl tərəfdaşlıq BAMF-ın sülhməramlı aksiyalar və konfliktologiya sahəsindəki fəaliyyətində yeni mərhələ açmışdır. Təşkilat bu tərəfdaşlıq çərçivəsində öz nəşrlərində, media qurumları ilə əməkdaşlıq əlaqələrində və keçirdiyi ictimai tədbirlərdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsilə tərəfdaşlığını vurğulaya, bu idarə ilə birgə müəlliflik əsasında məqalələr və nəşrlər hazırlaya bilər.