Selçuk Bayraktar
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni.
Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.
Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.