Belorusiya
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir.
1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.