Biancaea decapetala
Biancaea decapetala (lat. Biancaea decapetala) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbii halda Yaponiyada, mədəni halda Cənubi Avropada, Qafqazın Qara dəniz sahillərində əkilib, becərilir.
== Botaniki təsviri ==
Yarpağı tökülən, qollu-budaqlı, çox tez böyüyən koldur. Budaqları uzun, nazik olub, aşağıya doğru əyilir, üzərində möhkəm tikanları yerləşir. Yarpaqları mürəkkəb lələkvaridir. Əsas yarpaq oxu tikanlı, 3-8 cüt budaqlıdır. Hər yarpaq saplağının üzərində 10-20 ədəd yarpaqcıqlar düzülmüşdür. Yarpaqcıqlar 1,5-2 sm uzunluğunda, uzunsov, ucu küt, qaidədən dəyirmi, üstdən çılpaq, aşağıdan isə tüklüdür. Yarpaqaltlığı xırda, töküləndir.