Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı.
1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014).
2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi.
Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi.