Bozdamac
Çörək növünün adıdır. “Bozdamac” çörəyi sac üstündə bişirilir. Dialekt və şivələrimizdə bu sözün “bozdamac” (Bakı, İsmayıllı) və “bozzamas”( Şamxor) formalarına rast gəlinir. Bakı, İsmayıllı, Şamxor dialekt və şivələrində “sac üstündə bişirilən çörək “anlamında işlənir. – Bozdamac, əlim xəmir, qarnım ac. (Bakı); - A Şanisə xala, bozdamacı bişirib qurtaraydun, mən də bir-iki dənə bişirəcəm (İsmayıllı) (1, 84)
Bozdamac sözünün sonundakı –c şəkilçisi isimdüzəldən –ma, -mə şəkilçisindən sonra işlənmişdir. “Bu şəkilçi sözə təklikdə artırıldığı kimi (tıxac, qazanc), qayıdış növün şəkilçisi ilə birgə də artırılır. Bəzən növ şəkilçisindən ayrılır: sev-in-c, bəzən ayrılmır: qax-ınc. Bu şəkilçi isim düzəldən –ma, -mə şəkilçisindən sonra da işlənir: qır-ma-c, döy-mə-c (xörək adı)” (13, 62)
Qədim türk xalqları arasında geniş şəkildə yayılmış “bozlamac” xörək adı “Kitabi-Dədə Qorqud” dastanlarının dilində də işlənmişdir: “... əlin-yüzin yumadan toquz bozlamac ilən bir küvləkdən yoqurt gəvəzlər, toyınca tıqa-basa yiyər” (15, 33).
İ.Məmmədov qeyd edir ki, “bozlamac” sözü “Dədə Qorqud”da “soba üstə bişirilən fətir” mənasındadır. (22, 71)
T.Talışovun fikincə, bozlamak “bitirmə” mənasındadır (23, 362).
S.Məmmədova göstərir ki, biz şübhə etmirik ki, “bozlamac” termininin “bozarmaq” feili ilə bağlılığı var. “Boz” sözünün bir mənası da bişirmək və qızarmaq prosesinə aiddir. Ona görə də bu terminin mənşəyini “buznus” (qəbilə adı) ilə izah edənlərə etiraz, zənnimizcə, doğudur (24, 12).
Quba dialektində bu söz bozdamac şəklində “turş xəmirdən bişirilən qalın çörək, sac çörəyi” mənasını ifadə edir: -Anam əxşəmə bozdamac bişirərdü; -Şərə gidəcağam, məçün bozdamac bişir. (25, 232)