is. 1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (
Ata. sözü ).
[Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov.
[Cahan:] Camaatın qara su içməkdən hamısının qarnı şişib; çalışıb kəndə bir bulaq gətirmək lazımdır. Ə.Haqverdiyev.
Kurort şəbəkəsini inkişaf etdirmək üçün mineral bulaqlar, müalicə palçığı yataqları, müalicə nefti və sairə … olmalıdır. M.Qaşqay.
□ Bulaq başı – bulaq üstü, bulaq kənarı, seyrəngah.
Laçın bulaq başına yetişəndə durdu, dörd yanına boylandı. M.Hüseyn.
Günəşə çatmağa çalışan bu ağacın altı bulaq başı kimi şənlik olurdu. Mir Cəlal.
// məc. Şairanə təsvir və təşbehlərdə.
Əldə ayna gözə sürmə çəkəndə; Ala gözün bulağından öpəydim. M.P.Vaqif.
Sənin sənət bulağından neçə nəsil şərbət içdi. S.Vurğun.
2. məc. Mənbə, qaynaq, qaynayıb daşan şey.
Şərabxanadə baş xum ayağına qoydum; Nə bak düşməyə gər kövsərin bulağı ələ. S.Ə.Şirvani.
Neftin bulağını, dağları qoru! R.Rza.
◊ Bulaq başına (çaya) susuz aparıb, susuz gətirmək – çox hiyləgər, çoxbilmiş adam haqqında.
[Yaqub:] Möhsün bəy və yaxud Həsən bəy kimi hər bir incinarı bulaq başına susuz aparıb, susuz da gətirərəm. B.Talıblı.
Göz bulağı – gözün yaş damcılayan yeri, gözün buruna tərəf olan küncü.
Xanpəri … sağ əli ilə qaşlarına sığal çəkdi, gözlərinin bulağını sildi. Ə.Vəliyev.