Mir Cəlal
Mir Cəlal (26 aprel 1908, Əndəbil, Cənubi Azərbaycan, Qacar dövləti – 28 sentyabr 1978, Bakı) — yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1947), professor (1948), 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar elm xadimi (1969), laureatı (1968).
Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir. 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.
Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır.