1. Diri, sağ, yaşayan (ölü ziddi). Canlı orqanizm. Canlı hüceyrə.
// is. mənasında. Diri adam (heyvan), sağ adam (heyvan).
// məc. Əbədi, daimi, ölməz. Canlı obraz.
// Qurumamış, solmamış, tər. Canlı çiçəklər. Canlı ağac.
2. Canlılar və bitkilər aləminə mənsub olan; orqanik, üzvi. Canlı təbiət. Canlı materiya. Canlı aləm.
// İnsanlardan, heyvanlardan ibarət olan. Canlı qüvvələr. Düşmənin canlı qüvvələri tükənmişdir.
3. İri, yekə, zorba, möhkəm, qüvvətli. Kabab qanlı, igid canlı. ( Ata. sözü ).
4. məc. Fəal, qızğın, coşqun, işgüzar. Canlı söhbət başlandı. Məşğələ çox canlı keçdi.
// Canlılıq, həyat, maraq ifadə edən; ifadəli. Canlı gözlər. Canlı baxış. Canlı sifət.
5. məc. Güclü, parlaq. Canlı üslub. Canlı boyalar. Canlı təxəyyül.
6. Diribaş, hərəkətli, çevik, qıvraq. Canlı uşaq.
◊ Canlı çiçək – təzə dərilmiş təbii çiçək.
Canlı dil – 1) kitab dilindən fərqli olaraq xalqın danışdığı dil.
2) bir xalqın ünsiyyət vasitəsi olan dil. Canlı Şərq dilləri.
Canlı əlaqə – 1) insanların özləri tərəfindən həyata keçirilən əlaqə. Telefon vasitəsilə əlaqədən başqa, canlı əlaqə də lazımdır;
2) sıx, daimi, bilavasitə. Canlı əlaqəni davam etdirmək. Məktəblə canlı əlaqə yaratmaq.
Canlı inventar – işlək və südlük mal-qara.
Canlı qüvvə – adamlar və heyvanlar (mexaniki qüvvə, texnika qarşılığı olaraq).
Canlı söz – yeni, maraqlı fikir ifadə edən və dinləyiciyə nüfuz edən danışıq haqqında. Adamlara canlı söz demək lazımdır.
Canlı tarix – tarixi, keçmişi hadisələri, real varlığı əyani surətdə əks etdirən şey haqqında.