Cek Cəmiyyəti
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar.
== Ümumi məlumat ==
Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir.
== Statistik məlumatlar ==
1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər.
== Ceklilərin məskəni ==
Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir.
Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.
Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.