Dövri mətbuat
Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir.
Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir.
Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir.
Mətbuat informasiya alıb və vermək üçün yarandığından, onun digər bir adı kütləvi informasiya vasitəsidir. Mətbuat vasitəsi ilə informasiyanı ictimaiyyətə çatdırmaqda məqsəd bunlardır:
• İctimai rəyi formalaşdırmaq;
• Xalqı maarifləndirmək;
• Elm və tərəqqinin yolunu açmaq;
• Mətbuatın inkişafı və tərəqqiyə mane olan qüvvələrə qarşı mübarizəsi və s.
Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir.