Buzlaqlar
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş.
== Kriosfer ==
Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir:
qar və buz yaranması üçün rütubət verən hidrosferin,
bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin,
səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin.
Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.