Kredit müqaviləsi
Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür.
Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur:
Razılığa gələn tərəflərin adlarının olduğu preambula
Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi.
Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir.
Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir.
Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası.
Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir.