□ Dil-ağız etmək (eləmək) – üzrxahlıq mahiyyətində xoş sözlər söyləmək, yaxud xoş sözlər söyləyərək mehribanlıq göstərmək.
Bəy gəlinə dil-ağız etdikdən sonra, onun üzünü görmək istərdi.
Məmməd xan dil-ağız edib tələsməmələrini dedisə də, lakin qonaqlar az sonra durub getdilər.
◊ Dil-ağıza salmaq – 1) hamıya yaymaq, bildirmək;
2) pisinə danışmaq.
Dildə-ağızda gəzmək – bax dilə-ağıza düşmək.
Xalçasının şöhrəti; Gəzir dildə-ağızda.
Dildən-ağızdan düşmək (olmaq) – bax dildən düşmək (“dil1”də).
Dilə-ağıza düşmək – 1) yayılmaq, şöhrətlənmək, dillər əzbəri olmaq.
Düşdü şeirlərin dilə-ağıza; Şimşəktək zülmətin qoynundan çaxdın. ;
2) pisinə danışılmaq, pis cəhətdən məşhur olmaq.
Dili(n)-ağzı(n) qurusun! – bax dili qurumaq 2-ci mənada (“dil1”də).
[Arvad:] Əstəğfürullah, əstəğfürullah, qələt elədim, dilim-ağzım qurusun!
Dilim-ağzım qurusun; Gördüm bir qara qarğa; Qəflətdən bir tərəfdən; Atıldı ortalığa.
Dili-ağzı qurumaq – bax dili qurumaq (“dil1”də).
Bəs indi niyə dilin-ağzın quruyub?
Dili-ağzı tutulmaq – nitqi tutulmaq, danışa bilməmək.
[Sədr:] Ay hay, mən də deyirəm, yəqin sevincindən dili-ağzı tutulub.
Dilini-ağzını bağlamaq – bax dilini bağlamaq (“dil1”də).
İstədim bir söz deyəm; Dilim-ağzım bağladı. ( ).