Dilbaz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir
Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır.
Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər.
Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.