Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabineti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti.
== Zəmin ==
Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur.
1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır.
== Tərkibi ==
1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi:
== Fəaliyyəti ==
Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir.Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi:
1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.Denikin təhlükəsi ilə bağlı Parlament tərəfindən qəbul edilmiş qərarda göstərilirdi ki, mövcud hökumət daxilindən bir heyət seçilməli və həmin heyət ölkənin müdafiəsini təşkil etməlidir. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı.