1. İnci, mirvari.
// məc. Şairanə təşbehlərdə gözəlin dişlərinə işarə.
Ləli-ləbi bənzər gövhər kanına; Düzülüb gövhərtək dür dəhanına.
Səmən iyli, səhabi zülf, ay qabaq; Qönçə dəhan, dür diş, ərğəvan dodaq.
Sədəf dəhanında sərasər dişi; Dürri-bihəmtadır mədən içində.
2. məc. Saf və təmiz şey mənasında (ümumiyyətlə, saflıq, təmizlik rəmzi kimi işlənir).
…İnsan [Zərqələmə] baxarkən, qədim şairlərin dediyi kimi, palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi.
□ Dürr kimi məc. – bərraq, parlaq şey haqqında.
Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dürr kimi, düşər ot üstə jalələr.
◊ Ağzından dürr tökmək (tökülmək) – çox gözəl mənalı və rəvan danışmaq, gözəl və dəyərli sözlər söyləmək (bəzən təmtəraqla, lakin məzmunsuz danışmaq mənasında istehza məqamında işlənir). Yeriyəndə kətan köynək dizindən; Danışanda dürr tökülür sözündən. “Əsli və Kərəm”.
Ağzından dürr tökür zalımın qızı; Bizdən yaxşı bilir dolanmamızı.
[Tahir:] Kişinin oğlu danışanda ağzından dürr tökülür.