Dürrizadə Mehmed Ataullah Əfəndi (1729, Konstantinopol – 15 may 1785, Gelibolu, Çanaqqala ili) — Osmanlı alimi və şeyxülislamı.[1]
Mehmed Ataullah Əfəndi | |
---|---|
Əvvəlki | Seyid İbrahim Əfəndi |
Sonrakı | İvazpaşazadə İbrahim Bəyəfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1729 |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 1785 |
Vəfat yeri | Gelibolu, Osmanlı imperiyası |
Atası | Dürrizadə Mustafa Əfəndi |
Anası | Şərifə Safiyə xanım |
Həyat yoldaşı | Əzizə xanım |
Uşağı | Həmid Mehmed Əfəndi |
1729-cu ildə doğulmuşdur. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 7 yaşında ikən icazət aldı. Buna baxmayaraq uzun müddət təhsil həyatı davam etdi və müdərris təyin edilmədən 1759-cu ildə birbaşa Saloniki qazılığına gətirildi. 1764-cü ildə Məkkə, 1769-cu ildə isə İstanbul qazısı oldu. Ancaq bir neçə ay sonra vəzifədən alındı və uzun müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1774-cü ildə Anadolu qazəsgəri oldu və 1 illik vəzifə müddətini tamamladı. Ardından 1778-ci ildə və 1782-ci ildə 2 dəfə Rumeli qazəsgərliyinə təyin olundu. Seyid İbrahim Əfəndinin vəfatının ardından 20 may 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi.[2] Rumeli hisarı yaxınlığındakı köşkü uzaq olduğu üçün təbrik mərasimi keçmiş şeyxülislamlardan Şərif Əfəndinin Fatehdəki köşkündə keçirildi.
Ataullah Əfəndinin şeyxülislamlığı əsnasında dövlətin ən mühüm problemi davam edən Osmanlı-Rusiya müharibəsi idi. Bu məsələylə bağlı şeyxülislamın köşkündə keçirilən məşvərət məclislərinin birində Ataullah Əfəndi, sülh tərəfdarı olan dövlət adamlarına etiraz edərək müharibəyə təşviq etmişdir.[3]
İki ilə yaxın bu vəzifədə qalan Ataullah Əfəndi, sədrəzəm Xəlil Həmid Paşanın Sultan Əbdülhəmidi devirib Şahzadə Səlimi taxta çıxarma təşəbbüsünü dəstəklədiyi bəhanə göstərilərək 31 mart 1785-ci ildə vəzifədən alındı.[2] Öncə Rumeli hisarındakı köşkündə yaşamağına icazə verilsə də, daha sonra sürgün edildi. Dəniz yoluyla Hicaza getməsinə qərar verilən Ataullah Əfəndi kəndxudası Osman bəylə birlikdə yola çıxmış, ancaq Gəlibolu sahillərində vəfat etməsi üzərinə burada dəfn edilmişdir (15 may 1785). Ölüm səbəbi bilinməsə də, Sultan Əbdülhəmidin əmriylə zəhərləndiyi iddia edilir.
Ataullah Əfəndi məşhur üləma ailəsi olan Dürrizadələrə mənsub idi. Belə ki, ata babası Dürri Mehmed Əfəndi və ana babası Başmaqçızadə Abdullah Əfəndi Sultan Mahmud, atası Mustafa Əfəndi isə Sultan Osman, Sultan Mustafa və Sultan Əbdülhəmid səltənətlərində şeyxülislamlığa yüksəlmişdir.[4] Bundan başqa Ataullah Əfəndi digər məşhur şeyxülislam ailəsi olan Feyzullahzadələrdən Seyid Murtuz Əfəndinin qızı Əzizə xanımla evlənmişdir. Bu evlilikdən dünyaya gələn yeganə övladı Həmid Mehmed Əfəndi (ö. 25 oktyabr 1805) də özü kimi müdərris olmuş, Yenişəhər qazılığına qədər yüksəlmişdir.[4]
Öz adını daşıyan nəvəsi Ataullah Mehmed Əfəndi (ö. 1823) isə 1816-cı ildə Yenişəhər, ardından Bursa qazısı olmuş, 1823-cü ildə Məkkə qazılığına təyin edilsə də, buraya gəldikdən qısa müddət sonra vəfat etmişdir. Onun adı bilinən yeganə övladı Səid Mehmed Əfəndi (ö. 1850) də babaları kimi müdərris olmuşdur.[4]