Dəyanət Osmanlı
Dəyanət Osmanlı (əsl adı: Dəyanət Osman oğlu Bayramov; 16 iyun 1965, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan şairi, publisisti və jurnalisti. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.
== Həyatı ==
Dəyanət Osman oğlu Bayramov 16 iyun 1965-ci il tarixində SSRİ respublikalarından olan Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. O, 1972-ci ildə Saraçlı orta məktəbində təhsil almış, bir il sonra Azərbaycana köçərək Sumqayıtda Xovlu iplik fabrikində işləmişdir. Osmanlı SSRİ Silahlı Qüvvələrində xidmət etdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə oradan məzun olmuşdur.
== Fəaliyyəti ==
Dəyanət Osmanlının ilk şeirləri 1989-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində və "Ulduz" jurnalında dərc olunmuşdur. Bundan sonra o, "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. Osmanlı əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. O, sonradan "Fəryad" qəzetində şöbə redaktoru (1990–1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992–2005) vəzifəsində çalışmışdır. Osmanlı 1992-cü ildə "Avanqard" Ədəbi Birliyini yaratmış və ona rəhbərlik etmişdir.