Etibar Salmanov
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019).
Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur.
Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.