Dövlət və Din İctimai fikir toplusu
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir.
İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur.
2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur.
Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir.
Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir.
İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır.
Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir.