Ultrasəs dalğaları. Akustik siqnal və onun spektri.
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir.
Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir.
Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.