Gündəlik
Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır.
Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s.
Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir.