Azərbaycanda gildiya ticarəti
Azərbaycanda gildiya ticarəti — XIX əsrin 70-ci illərində Azərbaycanda yeni yaranmış ticarət forması.
== Gildiya ticarətinin səciyyəvi cəhətləri ==
Azərbaycanda Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi.
== Azərbaycanda gildiya ticarətinin tətbiqi ==
1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da tətbiq edilməyə başladı. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi.
Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa dövlətlərin mallarını-Rusiyanın hər yerində yük ilə, tay, və ya top ilə satmaq üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi.
İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş
mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.