İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa
İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (XVI əsr – 9 mart 1621, Konstantinopol) — II Osman dönəmində 23 dekabr 1619–9 mart 1621 tarixlərində ümumilikdə bir il 2 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.
Əslən türkdür. Atası Tunis bəylərbəyi Əhməd Paşa, anası isə peyğəmbər nəslinə mənsub Qaya Paşanın qızıdır. Mükəmməl bir təhsil almış, gənc yaşda İstanköy sancaqbəyi, daha sonra ard-arda Dimyat bəylərbəyi, 1602-ci ildə Yəmən və sonra Tunis bəylərbəyi olaraq təyin olunmuşdur. Ardından Moreya və Kipr bəylərbəliyinə gətirilmişdir.
1617-ci ilin noyabr ayında vəzirlik rütbəsi alaraq kaptan-ı dərya seçildi. 1619-cu ildə baş tutan səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxdı. Sultan Gənc Osman paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq Sədrəzəm Öküz Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şayələr də divan məclisində dilə gətirildi.