HTML

HyperText Markup Language Hipermətni nişanlama dili
HSM
HTTP
OBASTAN VİKİ
HTML
HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir. Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir. HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu.
HTML5
HTML5 (Hypertext Markup Language 5) — ümumdünya hörümçək toru məzmunun strukturlaşdırılması və təqdim edilməsi üçün istifadə edilən nişan dili. Bu, "World Wide Web Consortium" (W3C) tövsiyəsi olan beşinci və son əsas HTML versiyasıdır. Hal-hazırda spesifikasiya "HTML Living Standard" kimi tanınır. O, əsas brauzer satıcılarının ("Apple", "Google", "Mozilla" və "Microsoft") konsorsiumu olan "Web Hypertext Application Technology Working Group" (WHATWG) tərəfindən idarə olunur. HTML5 ilk dəfə 22 yanvar 2008-ci ildə ictimaiyyətə açıq şəkildə buraxılmışdır. 2014-cü ilin oktyabrında böyük bir yeniləmə tətbiq edilmiş və "W3C Recommendation" əldə olunmuşdur. Onun məqsədləri ən son multimedia və digər yeni funksiyaların dəstəyi ilə dili təkmilləşdirmək, dili həm insanlar tərəfindən asanlıqla oxuna bilən, həm də XHTML sərtliyi olmadan kompüterlər və veb brauzerlər, analizatorlar və s. kimi cihazlar tərəfindən ardıcıl olaraq başa düşülən formada saxlamaq, köhnə proqram təminatı ilə geriyə uyumlu qalmaq idi. HTML5-in təkcə HTML 4 deyil, həm də XHTML 1 və "DOM Level 2 HTML"i əhatə etməsi üçün nəzərdə tutulmuşdur. HTML5 daha çox uyğunlaşa bilən implementasiyaları təşviq etmək üçün ətraflı emal modellərini əhatə edir.