Eldəniz Həsənov
Eldəniz Əli oğlu Həsənov (1 aprel 1958, Dəli Quşçu, Zərdab rayonu) — Professor, aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ali Media Mükafatının laureatı, Qızıl qələm mükafatı laureatı adına və diplomuna layiq görülmüş, 2018-ci il 30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənd Təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir..
== Həyatı ==
Eldəniz Həsənov 1 aprel 1958-ci il tarixdə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1976-cı ildə M. Müşfiq adına Dəli Quşçu kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.
== Təhsili ==
1976–1981-ci illərdə S. Ağamalıoğlu adına "Şərəf Nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsinin yerquruluşu şöbəsində təhsil almış və bu təhsil ocağının Azərbaycanda "yerquruluşu ixtisası" üzrə ilk buraxılışının məzunu olaraq İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə oxuduğu illərdə tədris-təcrübə praktikalarını Gürcüstan Respublikasının Yerquruluşu ekspedisiyalarında, Gəncə Torpaq Ekspedisiyasında keçirmişdir. Dərs əlaçısı, ictimaiyyətçi tələbə olduğuna görə, Voronej şəhərindəki Mərkəzi Qaratorpaq Dövlət Yerquruluşu Layihə İnstitutuna 4 aylıq diplom praktikasına göndərilmiş və həmin müddətdə Voronej vilayəti Romanski rayonunun Lebyaje kəndində, təsərrüfatda yerquruluşu texniki kimi fəaliyyət göstərmiş, naturada müvafiq yerquruluşu işlərinin icrası ilə məşğul olmuş və "Təsərrüfatdaxili yerquruluşu layihəsi" mövzusunda (rus dilində) diplom işi yazmışdır. Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun tanınmış alimi, Dövlət İmtahan Komissiyasının sədri, professor A. V. Kojevnikov diplom müdafiəsi zamanı onun diplom işinə əla qiymət vermişdir. İnstitutun Aqronomluq fakültəsinin 24 iyun 1981-ci il tarixli, 06 saylı iclas protokoluna və Dövlət İmtahan Komissiyasının rəyinə əsasən institutda müəllim saxlanılması və məqsədli aspiranturaya qəbul olunması qərara alınmışdır. İnstitutu bitirdikdən sonra, 1981-ci ilin iyul ayından oktyabr ayına kimi hərbi xidmətdə və akademik məzuniyyətdə olmuşdur.