Həşəratyeyən bitkilər
Həşəratyeyən bitkilər — əsasən həşəratlarla yemlənən bitkilər.
== Həşəratyeyən bitkilər ==
Həşəratları (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləri. Dünyada 500-dək, Azərbaycanda 3 növü var. Həşəratyeyən bitkilər şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və s. maddələrin çatışmazlığını həşəratyeyən bitkilər metomorfozlu yarpaqların köməyi ilə həşəratların hesabına tamamlayır. Bəzi həşəratyeyən bitkilər (şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye ifraz edən çoxlu vəzilərlə örtülüdür. Həşərat bitkinin tutucu aparatı üzərinə düşdükdə vəzilərin sekressiyası güclənir.