Ayşə Şekibe İnsel
Ayşə Şekibe İnsel (1886, Konstantinopol – 29 mart 1970) — türk fermer və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, TBMM-nin 5-ci çağırışında Bursa seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.
== Şəxsi həyatı ==
Ayşə Şekibe İnsel 1886-cı ildə İstanbulda, Şekib bəy ilə Fatma Şefika xanımın ailəsində anadan olub. O, gənclik illərini İstanbulda keçirib, İstanbul qız peşə məktəbində və İstanbul alman liseyində oxuyub.
İnsel 1905-ci ildə Mehmet Kəmaləttin bəylə evlənmiş və bu evlilikdən bir oğlu olmuşdur. Onun evlilik soyadı Akkavuk olduğu üçün mənbələrdə ona bu soyad ilə də istinad edilir. Şekibe orta təhsilinə görə və oğlunun təhsili ilə əlaqədar bir müddət Almaniyada qaldığı üçün alman dilini bilirdi. 1932-ci ildə İnselin əri vəfat etmiş və o, bir müddət Bursa ilinin İnegöl ilçəsinin İsaören kəndində məskunlaşaraq burada ailələsinə məxsus fermanı idarə etmişdir.
Ayşə Şekibe İnsel 29 mart 1970-ci ildə vəfat etmişdir.
== Siyasi karyerası ==
1934-cü ildə qəbul edilmiş qanunla Türkiyədə qadınların seçki hüququ tanınmış və bununla da türk qadınlarına parlamentə seçmək və seçilmək hüququ verilmişdir.