Ukrayna Üsyan Ordusu
Ukrayna Üsyan Ordusu (Ukr: Ukraїnska povstanska armіya/qısaca: UPA) - İkinci Dünya Müharibəsi zamanı Ukraynada nasistlərin dəstəyi ilə təşkil edilmiş və ölkədəki bütün etnik qruplara qarşı kütləvi qırğınlar və soyqırım hərəkatları ilə məşğul olan millətçi ordudur. 1942-ci ilin oktyabrında təşkil edilən ordu, xüsusilə 1943-cü ildə Ukrayna Reyx Komissarlığı ilə birlikdə ruslara, polyaklara, yəhudilərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə qırğın siyasəti həyata keçirmişdir.
Ukrayna Üsyan Ordusunun ən mühüm təşkilatçılarından biri faşist Almaniyasının maliyyə dəstəyini alan Stepan Bandera idi. Millətçi Stepan Bandera, Taras Borovets (Taras Bulba) və Andrey Melnikin rəhbərlik etdiyi Ukrayna Üsyan Ordusu Ukrayna ərazisində İkinci Dünya Müharibəsi zamanı bir çox soyqırım hərəkatlarında, xüsusilə Volin qırğınında xüsusi rol oynamışdır.
1939-cu il sentyabrın 12-də, Varşavanın süqutuna az qalmış Hitler qatarda Polşa xalqı və Ukraynadakı polyakların taleyi haqqında xüsusi görüş keçirmişdir. Hitlerin planı SSRİ-nin sərhədində Asiya ilə Avropa arasında III Reyxə bağlı bir bufer zona yaratmaq idi. Berlinin bu kukla dövlətinin sərhədləri şimalda Litvanın paytaxtı Vilnüsdən başlayıb, cənubda isə Ukraynanın Qalisiya və Volin vilayətlərinə qədər uzanacaqdı. İclasda nasist admiralı və məxfi xidmət olan Abverin rəhbəri Vilhelm Kanaris, Almaniyanın xarici işlər naziri Ribbentropa ukraynalı millətçilərin təşkilatlanması, polyaklara və yəhudilərə qarşı qiyam şəklində yeni qırğın siyasətinin həyata keçirilməsindən danışmışdır. “Kanaris Memorandumu” kimi tanınan bu çıxışın sənədləri və alınan qərarlar 1945-ci ildə Nürnberq məhkəməsində sübut kimi təqdim edilmiş və Kanarisin edamında mühüm rol oynamışdır.
İlk mərhələdə, 1939-cu ilin noyabrında 400 ukraynalı irqçi Komarne, Kirhendorfe Qakeshteyne və Abvera düşərgələrində təlimə başlamışdır.