kambiform
kambist
OBASTAN VİKİ
Arnolfo Di Kambio
Arnolfo Di Kambio (it. Arnolfo di Cambio; təq. 1240[…], Kolle di Val d'Elsa, Toskana – təq. 8 mart 1302, Florensiya) — italyan heykəltəraşı və memarı. == Həyatı == Bolonyadakı San-Domeniko kilsəsində müqəddəs Dominikin sarkofaqı və Siena baş kilsəsinin kafedrasının yaradılmasında Pizanonun köməkçisi və ehtimal ki, şagirdi olmuşdur. Antik irsə böyük marağı da Pizanodan əxz etmişdir. Romada 1277-ci ildən, 1294-cü və ya 1296-cı ildən sonra Florensiyada işləmişdir. Qədim Roma heykəltəraşlığı ənənələrini fransız qotikasının təsiri ilə birləşdirərək, özünün əzəmətli — epik obrazlarında italyan Protorenesansı plastikasının əsasını qoymuşdur. Perucadakı fəvvarə üçün fiqurlar, kardinal Qiyom de Breyin və kardinal Annibaldinin, papa VIII Bonifatsinin mərmər sərdabələri, Vatikandakı Müqəddəs Pyotr baş kilsəsindəki Müqəddəs Pyotrun tunc heykəli, Florensiya baş kilsəsinin fasadındakı fiqurlar onun ən mühüm əsərlərindəndir. Memar kimi Florensiyada işləmiş, baş kilsənin yenidən qurulmasında, Badia abbatlığı və Santa-Kroçe kilsələrinin inşasında və ehtimal ki, həmçinin Palasso Vekkyonun tikintisində də iştirak etmişdir.