Keçəldağ (Qarabağ)
Keçəldağ — Azərbaycanda, Qarabağ yaylasında hündürlüyü 3,171 metr (10,404 ft) olan sönmüş vulkan konusudur. Üst Pliosenin vulkan suxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənlikləri, perlit yatağı var. Kəlbəcər rayonu ərazisindədir.
== Coğrafi xüsusiyyətləri ==
Həkəri çayı hövzəsini və qismən də Tərtərçayın yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər, dağarası çökəkliklər səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir.