Alman klassisizmi
Alman klassisizminin həm nəzəri, həm də praktik cəhətdən inkişafı çox çətin bir dövrə təsadüf edir. İqtisadi və siyasi cəhətdən geri qalmış Almaniyanın 300-ə qədər mikrofeodal dövlətə, külli miqdarda xırda əyalətlərə bölünməsi mədəniyyətə də təsir göstərir. XVII əsr alman mədəniyyətinin əsas problemi – onun milli zəmində inkişafı idi. Bu dövrdə estetik nəzəriyyənin ilk yaradıcılarından olan M.Ofits Bualonun klassisizmin klassik doktrinası sayılan «Poeziya sənəti» əsərindən hələ 50 il əvvəl, 1624-cü ildə «Alman şeriyyatı haqqında kitab» əsərində nəşr etdirir. Bu əsər alman klassisizminin ilk proqram manifesti olaraq o dövrdə Almaniyada bədii inkişafı nəzəri və praktik cəhətdən müəyyənləşdirdi. Antik ənənələri təqlid etmək, incəsənətə kamil insan idealı, qəhrəman obrazı gətirmək – əsərin əsas ideyasıdır. Almaniyada fəlsəfi fikrin sonrakı inkişafı Leybnisin adı ilə bağlıdır. Alman mədəniyyətinin klassisizmdən maarifçiliyə keçid dövrünün nümayəndələrindən olan Qotşedin estetik baxışları «Almanlar üçün poeziya və tənqidi incəsənət təcrübəsi» (1730) əsərində şərh edilib. Qotşed fransız klassik faciəsinin, ümumiyyətlə, fransız klassisizminin, aristokrat incəsənətinin tərəfdarı idi. Bu dövrün digər nümayəndələri isveçrə yazıçıları Breytinger və Bodmer poeziyanı fəlsəfə və elmdən ayırmağı tələb edir, incəsənətdə təxəyyül və fantiziyadan geniş istifadə etməyə çağırırdılar.