Sulfonat aşqarlarının kolloid stabilliyi
Sulfonat aşqarlarının kolloid stabilliyi – yüksək qələvili aşqarların kolloid quruluşunun suyun təsirinə qarşı davamlığının göstəricisidir.
== Təyini metodu ==
Kolloid stabilliyi aşqarın 15 % distillə suyu ilə 110 °C temperaturda 4 saat ərzində işləməklə təyin olunur. Parçalanmış məhsul həlledici ilə durulaşdırılır və əmələ gələn çöküntüdən ayrılır. Həlledici qovulduqdan sonra qələvi ədədi təyin olunur. Kolloid stabilliyi olaraq aşqarın qələvi ədədini ilkin qələvi ədədinə nəzərən azalmasının faizlə göstəricisi aşağıdakı düsturla hesablanır:
KS = QƏ2 /QƏ1 •100%
QƏ1 – sınaq üçün götürülən aşqarın başlanğıc qələvi ədədi, mq KOH/q;
QƏ2 – sınaqdan sonraki qələvi ədədi, mq KOH/q;
KS – aşqarın kolloid stabilliyidir.
== Kolloid stabilliyinə təsir edən amillər ==
Sulfonat aşqarlarının kolloid stabilliyi onların qələvi ədədindən xeyli asılıdır. Yüksək qələvili sulfonat aşqarları (C-300 tipli) yüksək kolloid stabilliklərinə malikdir ( 93-98%) , orta qələvili aşqarların (C-150 tipli) stabillikləri isə yüksək qələvili aşqarlara nisbətən azdır (75-89%). Tərkibində kalsium karbonat olmayan sulfonatlar kolloid stabilliklərinə görə qələvili aşqarlardan əhəmiyyətli dərəcədə geri qalır ki, bu da sonuncuların mitsellyar strukturlarının suyun təsirinə qarşı yüksək davamlılıqları ilə izah edilir.
Sulfonat aşqarlarının kolloid stabilliyinə təsir edən amillərdən biri də onların molekul kütləsidir. Müəyyən olunmuşdur ki, alkil radikalının uzunluğu artdıqca yüksək qələvili sulfonatların yağda həllolma qabiliyyəti artır və suyun təsirinə qarşı davamlılıqları yüksəlir.