Kosmoqonik miflər
Kosmoqonik miflər — Türkdilli xalqların yaşadığı ərazilərdə, o cümlədən Azərbaycanda qeydə alınan mifoloji toponimlərin böyük bir hissəsi kosmoqonik miflərlə əlaqədar olaraq yaranmışdır.
== Haqqında ==
«Bu miflərin əksəriyyəti öz xarakterinə görə arxaik və etimoloji miflərə nisbətən daha çox mərasimi olub kosmosun, xüsusilə onun bir sistemdə birləşən hissələrinin mənşəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın yaranmasının təsviri və şərhi ön planda durur» .
Mifoloji etnotoponimlərlə etnonimlər müəyyən dərəcədə əlaqədar olduğundan onlar dil tarixi ilə bağlı qiymətli bir mənbə kimi xalqın mifik təfəkkürünü və həmin miflərdə rüşeym şəklində yatan fəlsəfi-sosial düşüncə tərzini özündə yaşadan sübut və fakt kimi dəyərlidir.
Türklərin – azərbaycanlıların Şərqin, eyni zamanda da Qafqazın qədim, sivilizasiyalı, özünəməxsus mədəni və qrammatik cəhətdən cilalanmış dilə malik bir xalqın qədimliyini inkar edənlərə, onları gəlmə hesab edənlərə qarşı qoyulacaq ən tutarlı, təkzib edilməz faktlardandır.
Mifoloji toponimlər. Mifoloji toponimlərin etimologiyasını araşdırdıqca məlum olur ki, misirlilərin, şumerlərin, hindlilərin, yunanların və digər qədim xalqların mifik dünyagörüşünün aparıcı olduğu dövrdə - ibtidai icma dövründə keçdiyi bütün mərhələləri qədim türklər – azərbaycanlılar da keçmişlər. Bunu miflərin strukturu və sistemliliyi və mifoloji obrazların – varlıqların onomastik vahidlərdə inikası da sübut edir. Bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqlarının mifik düşüncə tərzi, yəni mif süjetləri mərasimlərdə, nağıl və dastanlarda, deyimlərdə və digər şifahi xalq ədəbiyyatı janrlarında bir sistem kimi dövrümüzə qədər gəlib çatmışdır. Mifoloji toponimlər də xalqımızın mifik dünyagörüşünü ən kamil və etibarlı şəkildə mühafizə edib, əsrdən-əsrə ötürən mənbələrdəndir.