Görüntünün yaxşılaşdırılması
Görüntünün yaxşılaşdırılması - (en. image enhancement ~ ru. улучшение изображения ~ tr. görüntü iyileştirme) – qrafik görüntünün keyfiyyətinin yaxşılaşdırılması prosesi. Kompüterin displeyində görüntünün dəqiqliyinin artırılması qrafik proqramının köməyilə “əl ilə” və ya xüsusi proqram vasitələrinin köməyilə yerinə yetirilə bilər. Görüntünün yaxşılaşdırılması üsulları müxtəlifdir: açıq və tutqun sahələr arasındakı kontrastlığın yaxşılaşdırılması, rənglərin artırılması, verilən görüntü siqnalının süzgəcdən keçirilməsindəki xətaların düzəldilməsi, əyri-üyrü xətlərin hamarlanması, pozulmuş konturun yenidən çəkilməsi, eləcə də optik və ya əksetdirici avadanlığın yaratdığı təhriflərin düzəldilməsi (məsələn, monitorun eninə və hündürlüyünə müxtəlif təsvir miqyasları olduqda dairə oval şəklində görsənir).
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.