Lavaş

Geniş dialektual areala malik çörək növünün adıdır. Bu söz dialekt və şivələrimizdə 3 mənada işlənir. 1) “alça və ya böyürtkən suyunun sinilərdı yuxa şəklində qurudulmuşu”; 2) “ucuna ip keçirilmiş buynuz ( bədnal atın üst dodağını və burnunu onunla burub nallayırlar” ; 3) “ zəncirin ucunda olan dəmir” . Bu söz Cəbrayıl, Göyçay şivələrində “lavaş”, Gəncə, Ağdam, Zəngəzur şivələrində “lavaşa”, Gəncə, Qubadlı, Ordubad şivələrində də “lavaşa” formasında işlənir. ( 1, 287) Bunlardan əlavə Qərbi Azərbaycanın Dərələyəz şivəsində “lavaşa” sözü “əkin aləti”, İrəvan, Qarakilsə, Üçkilsə, Vedi, Zəngibasar şivələrində “alça şirələrindən bişirilərək qurudulmuş yuxa şəklində turşu” mənalarında işlənir. (10, 261) Azərbaycan və türk xalqlarının etnoqrafiyasında ən geniş araşdırmanı “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının müəllifləri apardığından burada həmin məqaləni olduğu kimi verməyi məqsədəmüvafiq hesab etdik: XX əsrin əvvəllərinədək erməni lüğətlərində “lavaş” sözünə rast gəlinmir. Lakin 2014-cü il noyabrın 26-da Parisdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan “ənənəvi erməni çörəyi lavaşın” qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət etmişdi. Ermənistan tərəfinin quruma təqdim etdiyi fayl “Lavaş: ənənəvi erməni çörəyinin hazırlanması, əhəmiyyəti və xarici görünüşü mədəniyyətin ifadəsi kimi” adlanırdı. Qeyd edək ki, ilkin olaraq UNESCO-nun Hökumətlərarası Komissiyası bu formulu qəbul etmişdi. Lakin Azərbaycan, İran və Türkiyə dərhal bu formula etiraz etdilər. İran tərəfi lavaşın qədim İran çörək növü olduğunu bildirdi. Azərbaycan lavaşının bütünlükdə bölgənin mədəni elementi olduğunu bəyan etdi. Türkiyə Azərbaycanın mövqeyinə dəstək verdi. Etirazlardan sonra UNESCO formulu dəyişərək faylı belə adlandırdı: “Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görünüşü Ermənistanda mədəniyyətin ifadəsi kimi”. Lavaş çörəyi mayasız xəmirdən bişirilən kökəyə deyilir. Tarixən bu adla Qafqazda, həmçinin Türkiyədə, İranda, Mərkəzi Asiyada, Volqaboyu ərazilərdə də yayılıb. Bu şəkildə hazırlanan çörək Hindistandan Mərakeşədək bütün Şərq ölkələrində fərqli adlarla tanınır. Amma bu çörək növünün bişirildiyi və istifadə olunduğu ölkələrin heç biri lavaşı yalnız öz xalqına aid etmək kimi absurd addım atmaq fikrinə düşməyib. Ermənilər isə başqalarına məxsus olanları özünün küləşdirməklə bu əməllərinə UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatlarda bəraət qazandırmağa çalışırlar. İlk növbədə qeyd etmək lazımdır ki, lavaşın Azərbaycanda hazırlanması Ermənistanla müqayisədə daha dərin ənənəvi köklərə malikdir. Bu çörək növü Ermənistanda yalnız təndirdə bişirilir. Azərbaycanda və Türkiyədə isə həm təndirdə, həm sobada, həm də sacda hazırlayırlar. Ən nazik və yumşaq lavaş təndirdə deyil, məhz sacda bişirilir. Orta Asiyada isə əsasən, lavaş arxası üstə çevrilmiş tiyanın (qazanın) səthi üzərində də hazırlanır. Sac isə köçəri və yarımköçəri tayfaların səyyar mətbəxinin vacib atributu sayılır. Sacın iç tərəfində müxtəlif qızardılmış, qovrulmuş xörəklər, qabarıq hissəsində isə, lavaş, kökə, içi doldurulan yaymalar (kətə, qutab, gözləmə, qatlama qattama və s.), sacüstü ət xörəkləri bişirilir. Elə lavaşın yaranması, onun forması zərurətdən, ekstremal həyat tərzindən irəli gəlib. Onun bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Köç və ya səyahət zamanı yola belə növ çörək götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. İçərisi doldurulmuş lavaş dürmək (dürüm) adlanır. Bu sözə qədim türk mətnlərində rast gəlinir və o, dür/tür (çevirmək, fırlatmaq, eşmək, bükmək) türk feli ilə bağlıdır. Yeri gəlmişkən, ermənilər lavaş çörəyi ilə birgə qədim türk sözü olan “dürmək” kəlməsini də mənimsəməyə çalışırlar. Bir məqamı da qeyd etmək vacibdir: lavaş heç də sırf çörək adı deyil. Bu söz yayılaraq nazik şəkildə bişirilən bir sıra qida məhsullarına da aid edilir. Məsələn, Türküstanda orta əsrlərə aid ədəbi dil olan qədim çağatay dilində “lavaş” sözü həm nazik əşyalara, həm də qida növlərinə şamil edilirdi. Nazik yayılmış çörək də bu siyahıya daxildir. Azərbaycanda isə alça, gavalı, zoğal və digər meyvələrdən hazırlanmış turş, yayılmış şirə qurusuna da “lavaş” deyilir. Nazik yayılmış lavaş çörəyi isə türk dünyasında daha çox “yuxa”, “yuka”, “yuyqa”, “yuvqa”, “yufta”, “juka”, “jupka” və bu kimi adlarla da tanınır. Bu sözlər isə XI əsrdə yaşamış görkəmli alim Mahmud Kaşğarinin lüğətində qeyd olunduğu kimi, “laylanmış, təbəqələnmiş kökə” anlamını verir. Bu incəlikləri bilməyən ermənilər məhz lavaş çörəyini “lavaş” adlandırır və bu da, ən azı onların bu sözü türk dili, ənənələri və mədəniyyətindən kortəbii şəkildə mənimsədiklərinin göstəricisidir. Odur ki, ermənilər “lavaş” sözünü erməni dilində izah etmək üçün çox uğursuz “dəlillər” gətirməyə çalışırlar. Məsələn, Ermənistan Sovet Ensiklopediyasında da bildirilir ki, guya “lavaş” sözü iki erməni sözündən “law” (yaxşı, xoş) və “aš” (qida) sözlərinin birləşməsindən yaranıb. Üstəlik, “aš” sözü də türkcədən mənimsənilmiş kəlmədir. Qədim və ortaq türk dilində olan bu söz Tuvadan Balkanlara qədər türklərin dilində və mətbəx terminləri içərisində yer tutur. Yeri gəlmişkən, ermənilərin “law” sözünün də Hind-Avropa dillərində bənzəri yoxdur və o, daha çox çuvaş türklərinin dilindəki “layax” (yaxşı, xoş) və mari dilindəki “müsbət” anlamlarını verən “lavaşa” sözünə daha çox uyğun gəlir. Maraqlıdır ki, müasir erməni dilində və həmçinin qədim erməni dili olan qrabarda da “lavaş” sözünə rast gəlinmir. Bu lüğətlərdən bəzilərində “lavaş” kəlməsinin tərcüməsi “yaxşı olmaq”, “yaxşılaşmaq”, “xoş olmaq” felləridir. Bunların isə, göründüyü kimi, çörəklə heç bir əlaqəsi yoxdur. Məsələn, Matias Bedrosyanın 1879-cu ildə Venesiyada çap olunmuş ermənicə-ingiliscə qrabar lüğətində də “lavaş” sözü bu cür tərcümə olunur. Yenə də 1908-ci ildə İstanbulda dərc olunan Malxazyanın ingiliscə-ermənicə lüğətində “çörək” sözü hats kimi keçir. Bu ermənicə lüğətdə də “lavaş” sözünə rast gəlinmir. Bu sözə 1905-ci ildə İstanbulda nəşr olunmuş Papazyanın lüğətində də rast gəlmək mümkün deyil. 1749-1908-ci illər ərzində nəşr olunmuş bütün erməni dili lüğətləri üçün “lavaş” sözü yabançı köklü söz olub. Belə çıxır ki, ermənilər “lavaş” sözünün özü kimi, nazik çörək olan lavaşın hazırlanma mədəniyyətini də qonşulardan mənimsəyiblər. Əlbəttə ki, burada alçaldıcı, ayıb sayılacaq heç nə yoxdur. Amma yaxın keçmişdə qonşu xalqın mədəniyyətindən mənimsənilmiş mədəniyyət elementini müstəsna olaraq özününküləşdirmək cinayətdir. Həm də bu, dövlət siyasəti səviyyəsində həyata keçirilən oğurluq, fırıldaqçılıqdır. Şübhəsiz ki, haradasa, 100 il əvvələdək ermənilər bu gün “erməni lavaşı” adlandırdıqları çörəyi kütləvi şəkildə bişirmək ənənəsinə malik olmayıblar. Onlar bu çörək növünü məhz Azərbaycan çörəkxanalarına sifariş verirdilər. Erməni folklorunda hətta qafiyəyə salınmış bir bənd də var idi. Onun təxmini tərcüməsi belədir: “Erməni oğlan uşağını türk yuxası (lavaşı) ilə bəslə”. Onlar lavaş çörəyinin hazırlanma ənənəsini Azərbaycan torpaqlarına köçürüldükdən sonra məhz Azərbaycan türklərindən öyrəniblər. Çünki Türkiyə ərazisində yaşayan ermənilər də “lavaş” sözündən istifadə etməyiblər. Erməni mənşəli sovet türkoloqu və dilçisi Ervand Sevortyanın tərtib etdiyi “Türk dillərinin etimoloji lüğətində” də qeyd edilir ki, türk dillərindən alınmış bu söz bir çox Qafqaz dillərinə daxil olmuşdur. Tam aydınlıq üçün E.Sevortyanın lüğətində “lavaş” sözünün türk dillərində etimologiyasından bəhs edən sözlük məqaləsinin bir parçasına diqqət yetirək: nazik yayılmış xəmirdən bişirilmiş çörək, fətir növü, nazik dəyirmi çörək, süfrədə istifadə oluna biləcək fətir; yağda bişirilmiş yastı, dəyirmi, kişmişli, bəkməzli və yamürəbbəli xəmirməmulatı (börək); laylanmış kökələr; buğda unundan bişirilmiş nazik xəmir şirnisi; turş meyvələrdən hazırlanaraq, laylarla qurudulmuş meyvə bəkməzi; nazik laylarla qurudulmuş turş meyvələrin riçalı; nazik, yastı gümüş parçası. Beləliklə, mayasız xəmirdən hazırlanmış lavaş tarixən Qafqazda, Türkiyədə, İranda, Orta Asiya və Volqaboyu bölgələrində yayılmışdır. Bəzi Şərq ölkələrində isə bu çörəyin öz regional adları vardır. Təkcə elə bu səbəbdən erməni tərəfinin bu məmulatı müstəsna olaraq öz mədəniyyətinə aid etmək cəhdləri heyrət doğurur. “Lavaş” sözü bir çox türk dillərində yayılıb və yalnız çörək adı deyil. Bu kəlmə bir çox nazik, yayılmış, laylanmış qida növlərinə də aid edilir. Erməni dilinin daşıyıcıları isə türk dilinin bu incəliklərini bilmədən “lavaş” sözünü sırf nazik yayılmış çörəyə şamil edirlər. “Lavaş” sözü XIII əsr türk mətnlərində qeydə alındığı halda, erməni lüğətlərində bu sözə hətta XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində də rast gəlinmir. Qeyd edək ki, hələ XX əsrin birinci yarısında erməni mütəxəssisləri öz kitablarında lavaşın türklərə aid edilən mətbəx nümunəsi olduğunu etiraf edirdilər. Məsələn, 1940-cı ildə Moskvada “Azərbaycan mətbəxinin 50 yemək növü” adlı kitab (tərtibçilər S.İ.Mesropyan və V.İ.Sxirtladze) nəşr olunmuşdu. Müəlliflər Azərbaycan mətbəxinə aid olan “lülə kababı” barədə izahat verərkən, hazırlandıqdan sonra onun “Azərbaycan milli çörəyi olan lavaşa” bürünərək süfrəyə təqdim edildiyini yazmışlar. Təbii ki, S.İ.Mesropyan və V.İ.Sxirtladze kimi müəlliflər Cənubi Qafqazın mətbəxinə yaxından bələd idilər…
Latu
Ləpəli
OBASTAN VİKİ
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. == Sözün mənşəyi == Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Lavaşlı (Sulduz)
Lavaşlı (fars. لواشلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (23 ailə).
Naxçıvan lavaşı
Azərbaycanın Naxçıvan bölgəsində özünəməxsus xüsusiyyətləri ilə fərqli formada hazırlanan bölgə brendinə çevrilmiş çörək növü. Hələ min il, iki min il bundan öncə Azərbaycanda olan dünyaca məşhur səyyahlar, coğrafiyaşünaslar, tarixçilər bu elin, bu vətənin bütün yerlərində taxılın, çörəyin bolluğunu söyləyir, həmdə çox ucuz, demək olar ki, havayı olduğunu qeyd edirlər . Ən qədim zamanlardan çörək Azərbaycan xalqımızın süfrəsində mühüm yer tutmuşdur. Ümumi olaraq, çörək kimi bilinən bu qidanın xalq arasında müxtəlif növləri vardır. Məsələn: lavaş, dəstəna, fətr, çırpma, qalın, cad və.s. Naxçıvanda və Azərbaycanın digər bölgələrində çörək deyərkən daha çox lavaş yada düşür. Araşdırmacılar çörək ifadəsini çevirmək (sacda bişirilən zaman) sözü ilə bağlılığını qeyd edirlər. Bəlli olduğu kimi indinin özünə də yurdumuzun bir cox yerində çörək həmdə qədim türk sözü olub əppək kimi də qeyd olunur: saca əppək salmaq, əppək yapmaq və s. Xalqımızın qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da oğuz yurdunun övladlarının yeməklərinin arasında tez-tez ətmək (Naxçıvanda əppək) adına rast gəlirik. Ətmək (əppək) sözü isə bir qayda olaraq əkmək sözündən yarandığı bilinməkdədir .

Digər lüğətlərdə