Azərbaycan Banklar Assosiasiyası
Azərbaycan Banklar Assosiasiyası (ABA) — Azərbaycanda bank işi üzrə assosiasiya.
Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə Azərbaycanın 10 özəl bankı tərəfindən yaradılmışdır. İlk öncə "Azərbaycan Kommersiya və Kooperativ Banklar Assosiasiyası" kimi qeydiyyatdan keçmiş, 1999-cu ildən "Azərbaycan Banklar Assosiasiyası" adı altında fəaliyyət göstərir. 2000-ci illərin sonlarında ABA-ya 100-dən çox yeni üzv qoşulmuşdur. Müxtəlif illərdə bəzi bankların birləşməsi, digərlərinin isə bağlanması nəticəsində 2012-ci ildə assosiasiyaya 46 bank və 4 qeyri-bank təşkilatı daxil idi.
Azərbaycan Banklar Assosiasiyası yaradılarkən onun məqsədləri qanunvericilik, icra və məhkəmə hakimiyyətlərində, ictimai və beynəlxalq təşkilatlarda üzvlərinin maraqlarının fəal müdafiəsi, onların biznes xidmətlərinə və yardıma ehtiyaclarının ödənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi olmuşdur.
Azərbaycan Banklar Assosiasiyası fəaliyyət göstərdiyi müddətdə bu qurumlarla sıx əməkdaşlıq əlaqələri qurmuş, bank qanunvericiliyinin təkmilləşdirilməsi, banklar arasında beynəlxalq əlaqələrin qurulması, bank infrastrukturunun müxtəlif elementlərinin yaradılması, hökumət və Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan bank islahatlarının dəstəklənməsi istiqamətində mühüm işlər görmüşdür. ABA Azərbaycan Mərkəzi Bankı, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarla birlikdə bank sektorunun inkişafı ilə bağlı bir sıra konfranslar, seminarlar və dəyirmi masalar təşkil etmişdir.