Oksana Madaraş
Oksana Stepanovna Madaraş (ukr. Окса́на Степа́нівна Ма́дараш; 12 sentyabr 1969, Buçaç[d], Ternopil vilayəti) — Ukrayna yüksək kateqoriyalı dirijoru, Kiyev Milli Akademik Operetta Teatrının rejissoru, xormeyster-rejissoru, müəllimi. O, Ukraynanın əməkdar artisti (2008) və Ukraynanın xalq artisti (2019) fəxri adlarına layiq görülmüşdür.
== Həyatı ==
Oksana Madaraş 12 sentyabr 1969-cu ildə SSRİ respublikalarından olan Ukrayna SSR-də, Ternopol vilayətinin Buçaç şəhərində anadan olmuşdur. O, 1989-cu ildə Nikolayev Dövlət Musiqi Məktəbinin dirijorluq və xor fakültəsini bitirmişdir. Madaraş ali musiqi təhsilini Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında almışdır. O, 1989–1994-cü illərdə Ukraynanın xalq artisti, professor Viktor Petriçenkonun sinfində xor dirijorluğu, opera və simfonik dirijorluq kafedrasının seçmə kursu (professor, Ukrayna və Rusiyanın xalq artisti V. Kojuxarinin sinfi), Ukraynanın xalq artisti, professor Yevgeni Duşşenkonun sinfində opera və simfonik dirijorluq, 2002–2005-ci illərdə Yevgani Duşşenkonun sinfində assistentlik – opera və simfonik dirijorluq kafedrasında internatura üzrə təhsil almışdır. Madaraş təhsil aldığı müddətdə Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Opera Studiyasında dirijorluq etmişdir (Sergey Raxmaninovun "Aleko", Pyotr Çaykovskinin "Yevgeni Onegin", Coakkino Rossininin "Sevilya bərbəri" əsərləri). O, 1994–2002-ci illərdə "Dumka" Milli Akademik Kapellasında işləmişdir. Madaraş 2002-ci ildən Kiyev Milli Akademik Operetta Teatrının səhnə dirijoru və Kiyev Uşaq Rəssamlıq Akademiyasının Musiqi fakültəsinin gənc tələbələrin kamera orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.