Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi.
== Arxa plan ==
Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər.
Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.