Maratxlar
Maratxlar (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda xalq, Maxaraştra ştatının əsas əhalisi,
Maxaraştra ştatına qonşu ştatlarda kiçik qruplar halında yaşayırlar, İsraildə və Mavrikidə disporaları mövcuddur. Maratxların sayı 1997-ci ilin məlumatlarına əsasən 68 milyon nəfər , 2007-ci ilin məlumatına görə isə 80 milyon nəfər olmuşdur. Maratx dilində danışırlar. Əksəriyyəti induizm, qalanları isə caynizm, islam, xristianlıq dinlərinə sitayiş edirlər. Əsas məşğuliyyətləri əkinçilikdir.
Hindistanın bir çox xalqlarına nisbətən çoxsahəli kustar istehsalın mövcudluğu və qədim tarixə malik ənənəvi dəniz ticarəti maratxlarda daha əvvəl kapitalizm münasibətlərinin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın yaranmasına səbəb olmuşdur. XV əsrdə rus taciri və səyyahı Afanasi Nikitin maratxların qonağı olmuşdur. Onun hindlilərin məişəti, adət və ənənələri barədə qeydləri ilk növbədə bu xalqa aid olmuşdur. Bir neçə yüzilliklər ərzində maratxlar Böyük Moğol imperiyasına (məsələn, XVII əsrdə Şivacinin rəhbərliyi altında ), portuqaliyalılara, daha sonralar isə ingilis müstəmləkəçilərinə qarşı gərgin mübarizə aparmışlar. İngilis-maratx müharibələri nəticəsində maratx əraziləri ingilislər tərəfindən işğal edilmişdir.