Euphorbia marschalliana
Marşal südləyəni (lat. Euphorbia marschalliana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs–yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya tərs yumurtavari, 8-15 mm uzunluğunda, qısa iti uclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq–böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır.