Modelləşdirmə
Modelləşdirmə (ing. modeling, ru.моделирование) - şəraitin və ya fiziki obyektin təsvir edilməsi üçün riyazi üsullardan istifadə olunması. Kompüterlərdə modelləşdirmə əsasən iki sahədə aparılır: biznesdə və görüntülərin işlənməsində. Biznesdə modelləşdirmə, adətən, elektron cədvəllərin köməyilə, şirkətin durumunu və fəaliyyətini əks etdirən maliyyə verilənlərinin işlənməsi zamanı aparılır; verilənlərin idarə olunması, planların və layihələrin işlənib hazırlanması, eləcə də ehtimal olunan dəyişikliklərin təsirinin qiymətləndirilməsi üçün modelləşdirmədə riyazi düsturlardan istifadə olunur. Qrafik modelləşdirmədə obyektlərin və, lazım gələrsə, onlar arasındakı fəza əlaqələrinin təsviri üçün riyazi üsullardan istifadə edilir. Məsələn, CAD proqramları alətlər, ofislər, mürəkkəb molekullar və avtomobillər kimi fiziki obyektin ekran təsvirini yaradır. Beləliklə, həndəsi modellər, tənliklərə əsaslanmaqla, xətləri, əyriləri və s. yaradır və bu formaları ikiölçülü və ya üçölçülü fəzada bir-birinə nəzərən dəqiq yerləşdirir. Obyektləri boyamaq və onların müəyyən nöqtədən həcmli təsvirini vermək üçün işıq-kölgə effektlərinin modelləşdirilməsinin xüsusi riyazi üsullarından istifadə edilir.
Moddelləşdirmə — Obyektin modelinin köməyi ilə orjinal obyektin əsas xüsusiyyətləri barəsində məlumatın alınması məqsədi ilə bir obyektin başqası ilə əvəz edilməsidir.