Morchella crassipes
Kökayaq morxella (lat. Morchella crassipes) — fungi aləminin ascomycota şöbəsinin pezizomycetes sinfinin pezizales dəstəsinin morchellaceae fəsiləsinin morchella cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B2b(ii, iii). Nadir növdür.
Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Meyvə cismi iridir, hündürlüyü 24 sm-ə çata bilər. Papaqcıq sarımtıl-boz, enli yumurtavari və ya oval, 8 sm-dək hündür, 10 sm-dək endə olur. Səthi iri, dərin oyuqlara malik, kənarları ayaqcığa qovuşandır. Ayaqcıq sarımtıl-ağ, təpəcikli, uzununa düz olmayan şırımlı, 15 sm hündürlükdə, orta hissəsi 4-6 sm qalınlığında, əsasa getdikcə enlənərək 8 sm qalınlığında olur. Şərti yeməli göbələklərdəndir.