Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir.
Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.