İnterlivinq, növbələnmə
İnterlivinq, növbələnmə ( ing. interleaving ~ ru. интерливинг, чередование ~ tr. araya ekleme) – diskdə ardıcıl oxunan sektorların yanaşı yerləşməsinin vacib olmamasına əsaslanan təşkilat forması. Disk (xüsusən, sərt disk), adətən, elə sürətlə fırlanır ki, oxuma-yazma başcığı növbəti sektorun üzərində olanadək kompüter əvvəlki sektorun verilənlərini emal edib qurtara bilmir. Ona görə də ardıcıl oxunan sektorların elə yerləşməsindən istifadə olunur ki, kompüter verilənləri emal etməyə hazır olduqda lazım olan sektorun həmin an başçığın yanında olması ehtimalı böyük olsun. Məsələn, növbələnməsi 1-1 (arada heç bir sektor yoxdur) olan adi ardıcıllığın (1, 2, 3) əvəzinə, sektorları 3-1 növbələnməsi ilə (1, 12, 7, 2, 13, 8, 3, ...) yerləşdirmək olar (bu zaman ardıcıl sektorların arasında iki başqa sektor olur). Növbələnmə lazım olan sektorun orta gözləmə zamanını azaltmaqla, verilənlərə erişməni sürətləndirir. Sektorların növbələnməsi diski formatlayan utilit vasitəsilə, diskin verilmiş kompüterdə istifadəsi üçün təşkil olunur.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.