Molla Nəsrəddin (jurnal)
"Molla Nəsrəddin" jurnalı (az.-əbcəd ملا نصرالدین) — Azərbaycan türkcəsində satirik-yumoristik jurnal.Azərbaycanda ilk şəkilli jurnal "Molla Nəsrəddin" olmuşdur. "Molla Nəsrəddin"in birinci sayı 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb. 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
== "Molla Nəsrəddin"ə qədərki dövr ==
Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənmiş, bu barədə xəbərlər yaymışdılar. "İrşad", "Həyat", "Tərcüman", "Vozrojdeniye", "Kaspi", "Baku", "Novoye obozreniye", "Kavkazskoye utro", "Na povorote" qəzetləri "Molla Nəsrəddin"i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər vermişdilər.Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də "Novoye obozreniye" qəzeti, fevralın 26-da "Kavkazskoye utro" qəzeti, martın 1-də isə "Kaspi" qəzeti dərc etmişdir. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilmişdir.
== Jurnalın proqramı ==
Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdir: 1.