OfficeSuite
OfficeSuite — MobiSystems tərəfindən hazırlanmış platformalararası ofis dəsti proqramıdır. Onun Android, IOS və Microsoft Windows (PC) versiyaları mövcuddur və ən çox istifadə olunan Microsoft Office fayl formatları ilə uyğunluğuna geniş PDF imkanları da əlavə edir. Proqram təminatı Google Play-də 220 milyon dəfədən çox yüklənmişdir və dünyanın ən yaxşı Android biznes proqramları arasında yer alır.
OfficeSuite, Sony, Amazon, Alcatel, Sharp, Toshiba, ZTE, Huawei, Kyocera və daha bir sıra digər şirkətlərin istehsalı olan məhsullarına əvvəlcədən quraşdırılır.
== Tarix ==
Proqram ilk dəfə 2004-cü ildə Palm ƏS-nin tərkibində mobil proqram kimi bazara çıxarılmış, (köhnə MobiSystems proqramları olan Quick Spell, Quick Check və Quick Write proqramları da bu proqrama daxil idi), daha sonra — 2005-ci ildə isə Symbian ƏS ilə işləyən versiyası hazırlanmışdır.
2009-cu ilə qədər OfficeSuite əsasən bir oxuyucu kimi istifadə olunmuşdur. Daha sonra isə, MobiSystems şirkəti Android əsaslı ofis həlləri üçün Sony şirkətindən bir proqram tələbi almış, lakin bu iş üçün cəmi 12 həftə zaman verilmişdi. Göründüyü kimi, MobiSystem şirkətinin tərtibatçıları bu işdə müvəffəqiyyət əldə etmiş və Sony 2009-cu ildə bütün Android cihazlarında yeni hazırlanmış OfficeSuite proqramını əvvəlcədən quraşdırmışdır.
Proqram 2013-cü ildə iOS-da istifadəyə verilmiş və Windows üçün ilk masa üstü müştəri versiyası isə 2016-cı ildə çıxarılmışdır.
OfficeSuite Google Drive, Box, ICloud, OneDrive və daha çox bu kimi istənilən bulud provayderinə qoşulmaq imkanı ilə yanaşı, MobiSystemsin xüsusi bulud provayderi olan MobiDriveda da saxlama sahəsi təklif edir.